08 Iyun 2025 / 21:30

Mayın 15-də “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyində “Azərbaycan Konstitusiyasında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirib.

 “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və  Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşlarının  iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edilib.

 

Heydər Əliyev Muzeyində davam edən tədbiri giriş sözü ilə açan “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Yalçın Vəliyev çıxış edərək bildirib ki, 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkənin hüquqi və siyasi inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Bu qərar Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə qəbul olunmuş və dövlətçiliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət quruculuğunun və milli suverenliyin təbliğində mühüm əhəmiyyət kəsb etmişdir.

Hazırkı il, həm 1995-ci ildə qəbul olunmuş ilk müstəqil Konstitusiyanın 30 illiyi, həm də ölkənin ərazi bütövlüyünün bərpasının və suveren hüquqlarının tam təmin edilməsinin ildönümü ilə səciyyələnir. Bu baxımdan “Konstitusiya və Suverenlik İli” yalnız simvolik deyil, həm də strateji və ideoloji mahiyyət daşıyır. Bu təşəbbüs ölkənin hüquqi irsinin dərinləşdirilməsi, gənc nəslin hüquqi biliklərlə silahlandırılması və milli dəyərlərin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımdır.

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Nuranə Kərimova bildirmişdir ki, Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra dövlət quruculuğu sahəsində atılan əsas addımlardan biri müasir Konstitusiyanın qəbul olunması olmuşdur. Bu prosesin əsas memarı, təşəbbüskarı və rəhbəri ümummilli lider Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi ilə qəbul edilən 1995-ci il Konstitusiyası müstəqil Azərbaycanın ilk əsas qanunu olaraq hüquqi dövlət quruculuğunun təməlini qoymuşdur.

1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan müstəqilliyini bərpa etsə də, hələ bir müddət 1978-ci il Sovet Konstitusiyası ilə idarə olunurdu. Lakin bu sənəd yeni dövrün tələblərinə cavab vermirdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik və inkişaf üçün hüquqi çərçivənin yaradılması zərurəti daha da aktuallaşdı. O, Konstitusiya quruculuğunu dövlət siyasətinin prioritet istiqaməti elan etdi.

1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə Konstitusiya Komissiyası yaradıldı. Komissiyaya birbaşa Prezident özü rəhbərlik edirdi. Bu, onun konstitusiya quruculuğuna nə qədər böyük əhəmiyyət verdiyini göstərirdi. Komissiyanın tərkibinə hüquqşünaslar, mütəxəssislər və ictimai-siyasi xadimlər daxil idi. Layihənin hazırlanmasında beynəlxalq təcrübəyə əsaslanaraq demokratik dövlət modelinə uyğun hüquqi mexanizmlər nəzərdə tutuldu. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi bünövrəsini müəyyən etdi.

Daha sonra muzeyin direktoru Ramil Orucəliyev Ümummilli Liderin dövlət idarəçiliyindəki misilsiz xidmətləri ilə bağlı ətraflı məlumat verib. 

Sonda Ümummilli Liderimizin xalqımıza yadigar qoyduğu zəngin irsin yüksək səviyyədə təqdim edildiyi muzeyin ekspozisiya zalında görkəmli dövlət xadiminin imzaladığı, qəbul etdiyi tarixi qərar, sərəncam və digər sənədlər haqqında əməkdaşlar dərin məlumat əldə ediblər.