21 Dekabr 2024 /

Dövlət Bayrağı Muzeyinə ekskursiya təşkil edilib

“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində olub. Ekspozisiyayla tanışlıq zamanı bələdçi kollektivi dəyərli eksponatlar barədə məlumatlandırıb. Qeyd edilib ki, bayrağa münasibət Azərbaycanda tarixboyu özünü qabarıq şəkildə göstərib, xalqın milli mövcudluq simvolu sayılıb. Tariximizin ən dəyərli eksponatları sırasında mühüm yer tutan dövlət rəmzləri və bayraqlar Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkanlar yaradır. Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malikdir. Diqqətə çatdırılıb ki, muzeydə sərgilənən Naxçıvan xanlığının dövlət və döyüş bayraqları, 1922-1981-ci illər arasında SSRİ dövründə  qəbul edilmiş Naxçıvan bayraqları, Naxçıvan xanlığının döyüş və dövlət bayraqları, Kəngərli süvari dəstəsinin döyüş bayrağı, Eldənizlər dövlətinin bayrağının, Naxçıvan Bəy Drujinasının döyüş və fəxri bayraqlarının, Naxçıvan Qəzasının gerbinin, Naxçıvan xanlarının gerbinin fotosurətləri, 1990-cı il 17 noyabr tarixdə Naxçıvanda üçrəngli Dövlət Bayrağının qəbul olunması haqqında Qərarın və qəbul olunan üçrəngli Dövlət Bayrağının fotosurətləri ziyarətçilər tərəfindən maraqla qarşılanır. Həmçinin muzeydə yer alan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həmin qərarı oxuyarkən çəkilmiş fotoşəkli, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından Naxçıvan Muxtar Dövlətinin rəmzləri haqqında çıxarışın fotosurəti, Naxçıvanda Eldənizlər, Elxanilər və Səfəvilər dövründə zərb olunmuş və pul dövriyyəsində işlədilmiş qədim sikkə nümunələri, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının siyasi-inzibati xəritələri, Eldənizlər dövləti, Naxçıvan xanlığı, Naxçıvan SSR, Naxçıvan ölkəsi və Naxçıvan Araz-Türk Respublikasının xəritələri dəyərli eksponatlar sırasındadır.