2025-ci il iyunun 10-dan 12-dək Naxçıvan Muxtar Respublikasında “Karyera Sərgisi 2” adlı tədbir təşkil olunub. Sərgi Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin əsas məqsədi gənclərin məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinin məzunlarına iş imkanlarının təqdim olunması olub.
Sərgidə bir sıra dövlət qurumları və özəl təşkilatlarla yanaşı, “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti də iştirak edib. Fondun stendində iştirakçılara qurumun fəaliyyət istiqamətləri, ipoteka kreditləşməsi, mövcud vakansiyalar və karyera imkanları barədə ətraflı məlumat təqdim olunub. Gənclər tərəfindən fondun fəaliyyətinə göstərilən yüksək maraq müsbət qarşılanıb.
“Karyera Sərgisi 2” gənclər üçün peşə seçimi və işəgötürənlərlə birbaşa ünsiyyət baxımından əhəmiyyətli platforma kimi çıxış edib.